Həftəmiz Almaniyanın Münxen şəhərində Avropa dövlət və hökumət başçılarının iştirakı ilə keçirilən ənənəvi Təhlükəsizlik Konfransı ilə başa çatır. Konfransda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev də iştirak edir. Beynəlxalq münasibətlərin tarıma çəkildiyi, yeni dünya müharibəsi təhlükəsinin heç vaxt olmadığı qədər artdığı, dünyanın müxtəlif qütblərində münaqişə ocaqlarının alovlanmağa başladığı bir vaxtda keçirilən bu konfrans əlbəttə ki, mühüm əhəmiyyətə malikdir. Məsələyə Azərbaycanın mövqeyi və prioritetləri baxımından yanaşdıqda, Azərbaycan liderinin konfransa qatılması xüsusilə diqqəti cəlb edir.