Trump Qüds qərarına qarşı səs verəcək ölkələrə xəbərdarlıq edir
“Bütün bu ölkələr bizim pulumuzu alırlar və sonradan Təhlükəsizlik Şurasında bizə qarşı səs verirlər”, – Trump dekabrın 20-də Ağ evdə deyib.
“Onlar yüz milyonlarla dollar, hətta milyardlarla dollar alırlar, sonradan bizə qarşı səs verirlər. Qoy əleyhimizə səs versinlər. Xeyli qənaət edərik. Vecimizə deyil”, – o, sözlərinə əlavə edib.
Baş Assambleyanın toplantısı ərəb və müsəlman ölkələrin xahişiylə keçirilir. Fələstinin BMT-dəki səfiri Riyad Mansur deyib ki, Trump-ı qərarının ləğvinə çağıran qətnamənin məcburi hüquqi qüvvəsi olmayacaq. ABŞ dekabrın 18-də BMT Təhlükəsizlik Şurasında oxşar qətnaməyə veto qoymuşdu.
ABŞ-ın səfiri Nikki Haley də “Twitter”də xəbərdarlıq etmişdi ki, Birləşmiş Ştatlar Amerika xalqının Qüdslə bağlı seçiminə qarşı səs verənləri yadında saxlayacaq.
Fələstinlilər Qüdsü gələcək dövlətlərinin paytaxtı sayırlar. İsrail Qüdsün şərqini tutaraq şəhəri öz paytaxtı elan etsə də, beynəlxalq ictimaiyyət bu hərəkəti tanımayıb.