Azərbaycanın FIFA referisi Əliyar Ağayev Avro-2024 ilə bağlı fikirlərini bölüşdü.
“FutbolPress“ə danışan hakim turnirdə referilərin iş proqramı haqda bunları dedi:
“Turnirə 18 baş hakim dəvət olunub. Argentinadan olan hakimlər də ehtiyat siyahıda yer alıb. VAR və dördüncü hakim üçün böyük sayda referilər dəvət olunub. Baş hakimlər, köməkçilər və ehtiyat hakimlər Frankfurtda olacaq. VAR hakimləri isə Leypsiq şəhərində qərarlaşacaqlar. Çünki Bundesliqada VAR-ın mərkəzi bu şəhərdədir, onlar da ora yönləndirilib. Hakimlərin işi çətindir, asan peşə deyil. Bu çempionatda demək olar ki, son texnologiyaların hamısından istifadə olunacaq. Bu da hakimlərin yükünü bir az da olsa, azaldacaq”.
Ağayev Avro-2024-də tətbiq olunacaq yeniliklərə toxundu:
“İlk dəfə həm də qaydalara uyğun olaraq, baş hakimlə komandaların kapitanları danışacaq. Başqa bir oyunçu referi ilə dialoqa girmək istəsə, etiraz etsə, dərhal cəzalanacaq. Komandada kapitan qapıçıdırsa, bu zaman əlavə bir oyunçu hakimlə danışa bilər”.
Referi İspaniya yığmasının favorit olduğunu söylədi:
“Maraqlı turnir olacaq. Bizə qonşu olan Gürcüstan, Türkiyə də turnirdə yarışacaq. Favoritlər siyahısına İngiltərə başçılıq etsə də, mənə elə gəlir ki, İspaniya daha yaxşı favoritdir. Necə olacağını görəcəyik”.
Şahin Cəfərov