Google-un İİ-rejimi istifadəçilər barədə “dosye” toplamağa başlayır
Google AI Mode rejiminə Personal Intelligence adlı yeni funksiya əlavə edib. Bu mexanizm axtarışı daha fərdiləşdirilmiş etmək üçün istifadəçinin Gmail poçtundakı məktublar və Google Photos albomlarındakı şəkillər əsasında onun maraqlarını və vərdişlərini analiz edəcək.
Şirkət nümayəndələrinin sözlərinə görə, AI Mode istifadəçinin zövqlərini və planlarını anlamaq üçün Google Photos-da saxlanılan fotoları, eləcə də Gmail-dəki yazışmaları öyrənə biləcək. Bu yanaşma neyroşəbəkəyə verilən sorğuların (promtların) həcmini azaltmağa və daha dəqiq cavablar əldə etməyə imkan verəcək.
Məsələn, səyahət planlaşdırılarkən AI Mode Gmail-dəki otel bronları və Google Photos-da saxlanılan keçmiş səyahət xatirələrini nəzərə ala bilər. Nəticədə istifadəçiyə daha uyğun tövsiyələr təqdim ediləcək: məsələn, albomlarda uşaqlarla çoxlu şəkil varsa, sistem interaktiv muzeylərə baş çəkməyi məsləhət görə bilər.
AI Mode rejimində istifadəçiyə hansı hallarda hansı tətbiqlərdən məlumat götürüldüyü açıq şəkildə göstəriləcək. Personal Intelligence funksiyası aktiv olduqda, daxil edilmiş keçidlər Gmail və Google Photos ikonları ilə işarələnəcək. İstifadəçi cavabı yenidən yaratmaq istəsə, “fərdiləşdirməsiz sınayın” seçimini də aktivləşdirə biləcək.
Google bildirir ki, Personal Intelligence alış-veriş zamanı da faydalı olacaq — sistem əvvəlki seçimləri nəzərə alaraq daha uyğun məhsullar təklif edəcək. Bununla belə, istifadəçilər istədikləri zaman fərdiləşdirməni deaktiv edə bilərlər. Şirkət həmçinin vurğulayır ki, bu məlumatlar İİ modellərinin birbaşa öyrədilməsi üçün istifadə edilmir.
The post Google-un İİ-rejimi istifadəçilər barədə “dosye” toplamağa başlayır appeared first on InfoCity.