“Facebook” və “Instagram” sosial şəbəkəsində “Uca İnşaat” Məhdud Məsuliyyətli Cəmiyyətinin (MMC) təmir elanı diqqətimi çəkdi. Elanda göstərilən əlaqə vasitələri üzərindən təmir-tikinti şirkəti ilə danışdım, qiymət şərtlərini öyrəndim. Bildirdilər ki, sifarişçi ilə şirkət arasında müqavilə bağlanır, təmir işi həyata keçirilir, mənzil sahibi məbləği hissə-hissə ödəyir. Mənzilim cəmi 61 kvadratmetr sahədən ibarət olduğu üçün şirkətin təklifini bəyəndim. Belə qərara gəldim ki, gedib müqavilə bağlayım. “Uca İnşaat” MMC-nin rəhbəri Fəzail İsmayılovla görüşüb müqavilə imzaladım. O, müqaviləyə şəxsən imza ataraq möhür vurub. Lakin sonradan təmir-tikinti şirkəti öz öhdəliyini yerinə yetirməyərək məni aldadıb, 9 000 manat məbləğində pulumu mənimsəyib, mənzilimə və özümə maddi-mənəvi ziyan vurub”.