Azərbaycan Hərbi Hava Qüvvələrinin MİQ-29 təyyarəsinin Xəzər dənizinə düşdüyü ərazi dünən, avqustun 8-də axşam saatlarında müəyyən edilib.
Bu barədə bu gün, avqustun 9-da Müdafiə Nazirliyi məlumat yayıb: «Aidiyyəti dövlət qurumları və xidmətləri nümayəndələrinin, eləcə də axtarışlara cəlb edilən türkiyəli mütəxəssislərin iştirakı ilə görülən təxirəsalınmaz tədbirlər nəticəsində təyyarənin bəzi fraqmentləri hissə-hissə sudan çıxarılıb. Hazırda təyyarənin əsas hissəsinin dənizin dibindən çıxarılması üzrə hazırlıq işləri görülür».
Lakin məlumatda itkin pilotla bağlı, hələlik, heç nə qeyd edilmir.
Xatırlatma
İyulun 24-də axşam uçuşlarını həyata keçirən Azərbaycan Hərbi Hava Qüvvələrinə məxsus MİQ-29 hərbi təyyarəsi qəfil radardan itib.
Müdafiə Nazirliyi iyulun 25-də yaydığı açıqlamada təyyarənin Xəzər dənizinə düşdüyünü ehtimal edirdi. Axtarış məqsədilə komissiya yaradılıb. Hadisə ilə bağlı Hərbi Prokurorluq Cinayət Məcəlləsinin 342.2-ci (qulluğa səhlənkar yanaşma) maddəsi ilə cinayət işi başlayıb.
Müdafiə Nazirliyi bildirib ki, axtarışlara xarici mütəxəssislər də cəlb edilib.