Ukrayna hakimiyyəti ölkənin şərqində rusiyapərəst separatçılarla toqquşmalarda dörd əsgərinin həlak olduğunu bildirir.
Müdafiə Nazirliyinin bəyanatında deyilir ki, separatçılar avqustun 6-da Ukraynanın Donetsk regionundakı hərbi mövqelərinə qumbaraatanlardan və pulemyotlardan atəş açıblar, dörd əsgər aldığı yaralardan həlak olub.
2014-cü ilin aprelindən hökumət qüvvələri ilə Donetsk və Luqansk regionunu nəzarətdə saxlayan separatçıların münaqişəsində 13 mindən çox adam həlak olub.
İyulun 22-dən yeni atəşkəs razılaşması qüvvəyə minməliydi. Razılaşma iyulun 17-də Minskdə Ukrayna və Rusiya elçiləri, eləcə də ATƏT təmsilçiləri tərəfindən əldə olunmuşdu.
Ancaq tərəflər o vaxtdan bir-birini sazişi pozmaqda ittiham edir.