Bu ilin ilk altı ayı ərzində 1300-dən çox əfqan öldürülüb, 2466 nəfər isə yaralanıb. BMT-nin Əfqanıstandakı Yardım Missiyasının (UNAMA) iyulun 30-da yaydığı hesabatda belə deyilir.
Bu arada ABŞ rəsmiləri ilə Taliban silahlı qruplaşmasının danışıqları kritik mərhələyə çatıb. Məqsəd 18 ildir gedən müharibəyə son qoymaqdır.
Vaşinqton sentyabrın 1-dək, yəni Əfqanıstanda planlaşdırılan prezident seçkisindən öncə sülh sazişi əldə etmək istəyir.
Taliban hazırda ölkənin təxminən yarısına nəzarət edir. Bu, 2001-ci ildə ABŞ işğalı nəticəsində hakimiyyətdən devriləndə malik olduğu ərazidən çoxdur.
UNAMA quru reydlərinin, toqquşmaların daha çox itkiyə səbəb olduğunu bildirir. Sonrakı yerləri isə əldəqayırma bombalar, raket zərbələri tutur.
İtkilərin 52 faizi Taliban və islamçı yaraqlıların payına düşür.
Hökumət qüvvələri 717 nəfərin həyatına son qoyub, 680 nəfəri yaralayıb. Bu, ötən ilin eyni dövrüylə müqayisədə 31 faiz çoxdur.
Sözügedən dövrdə 144 qadın həlak olub, 286 nəfər yaralanıb. Dinc əhali arasında itkilərin üçdə biri uşaqların payına düşür, 327 uşaq öldürülüb, 880 uşaq yaralanıb.