Azərbaycan və Gürcüstan arasında dövlət sərhədlərinin delimitasiyası (sərhəd xəttinin müəyyən edilməsi-red.) ilə bağlı Komissiyanın növbəti iclası keçiriləcək.
Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin mayın 22-də yaydığı məlumatda bildirilir.
Məlumata görə, Azərbaycan Xarici İşlər nazirinin müavini Xələf Xələfov ilə Gürcüstan Xarici İşlər nazirinin müavini Laşa Darsaliyanın rəhbərlik etdiyi komissiyanın iclası bu il mayın 23-24-də Bakıda keçiriləcək.
Ötən həftə, mayın 14-də də X.Xələfovla L.Darsaliya bir araya gəlmişdilər. Azərbaycan Xarici İşlər Nazirliyi bildirirdi ki, orada iki ölkə arasında dövlət sərhədinin delimitasiyası məsələləri üzrə fikir mübadiləsi aparılmışdı. «Bu proses çərçivəsində 480 km-lik Azərbaycan – Gürcüstan dövlət sərhədinin əksər hissəsinin delimitasiyasına dair komissiyalar səviyyəsində razılıq əldə edilib. Hazırda 166 km-lik hissələr üzrə ekspertlər səviyyəsində iş davam etdirilir», - məlumatda bildirilirdi.
Xatırlatma
Gürcüstanın bəzi kütləvi informasiya vasitələrində yer alan məlumatlara görə, bu yaxınlarda bu ölkə ilə Azərbaycan sərhədində yerləşən Keşikçidağ-David Qareci məbəd kompleksində narazılıq yaşanıb.
Gürcüstanla Azərbaycan arasında sərhəd delimitasiyası məsələləri, əsasən, razılaşdırılıb. Ancaq bu kompleksin yerləşdiyi ərazidə sərhədin tam müəyyən edilmədiyi bildirilir. Xüsusilə orada mübahisələr Udabno məbədi ilə bağlıdır. SSRİ zamanında ora Azərbaycanın ərazisi olub.
Azərbaycan prezidentin sərəncamı ilə 2007-ci ildə «Keşikçidağ» Dövlət Tarix-Mədəniyyət Qoruğu yaradılıb. Orda 70-dək mağara, bir qala, iki məbəd və bir inanc yeri var. Qoruq Ağstafa rayonunun mərkəzindən 75 kilometr, rayonunun sonuncu yaşayış məntəqəsindən - Böyük-Kəsik kəndindən isə 28 kilometr uzaqda yerləşir.