Mayın 9-u SSRİ və müttəfiq dövlətlərin faşist Almaniyası üzərində qələbəsindən 74 il keçir
Hitler Almaniyasının hərbi rəhbərliyi 1945-ci il mayın 8-də təslim olmaq haqqında saziş imzalayıb.
1939-cu ildə faşist Almaniyasının Polşanı işğal etməsi ilə İkinci Dünya müharibəsi başlayıb. 1941-ci il iyunun 22-də isə Hitler Almaniyası Azərbaycanın da daxil olduğu Sovet Sosialist Respublikalar İttifaqına (SSRİ) hücum edib. Bu müharibə 1945-ci il mayın 8-də başa çatıb. İkinci Dünya müharibəsi isə tam olaraq həmin ilin sentyabrında yekunlaşıb.
Müharibə nəticəsində 60 milyona yaxın insanın həlak olduğu bildirilir.
1941-1945-ci illərdə Azərbaycanın 3 milyon yarım əhalisindən 600 mindən çoxu cəbhəyə gedib, onlardan təqribən yarısı döyüşlərdə həlak olub.
Həmin illərdə Bakı cəbhəyə 75 milyon ton neft göndərib, benzin və sürtgü yağlarına olan tələbatın 75-90 faizini ödəyib.
Mayın 9-u Azərbaycanda da Qələbə Günü kimi qeyd olunur və rəsmi iş günü deyil.
Bu il aprelin 23-də Prezident İlham Əliyev 1941-1945-ci illər İkinci Dünya müharibəsinin iştirakçılarına, həlak və ya sonralar vəfat etmiş döyüşçülərin dul arvadlarına, arxa cəbhədə fədakar əməyinə görə təltif edilmiş şəxslərə birdəfəlik maddi yardım verilməsi haqqında sərəncam imzalayıb. Sərəncamla 1941-1945-ci illərdə İkinci Dünya müharibəsində iştirak etmiş şəxslərə 1000, qalanlarına isə 500 manat birdəfəlik müavinət verilməsi nəzərdə tutulur. Bura Leninqrad (Sankt-Peterburq) şəhərinin müdafiəsi və mühasirəsində olan şəxslər də daxildir.
Sərəncam 9 min civarında şəxsə şamil olunub.