Mayın 9-da Yaponiyanın Xarici işlər naziri Taro Kono-nun Rusiyaya səfəri başlanır. O, on illərdir davam edən ərazi mübahisəsi üzrə danışıqların yeni raundunu başladacaq. Bu mübahisə üzündən Moskvayla Tokio 2-ci Dünya müharibəsini rəsmi bitirəcək sülh razılaşmasını imzalaya bilməyiblər.
Kono mayın 10-da rusiyalı həmkarı Sergei Lavrov-la görüşəcək. Onların Kuril silsiləsindən dörd adanın taleyini müzakirə edəcəyi gözlənir. Kuril zənciri Yaponiyada Hokkaido adasından başlayır, Rusiyada Kamçatka yarımadasında bitir.
Sovet əsgərləri müharibənin son günlərində Oxotsk dənizi ilə Sakit Okean arasındakı adaları tutublar.
Tokionun Moskvanın oradakı suverenliyini tanımaması 1950-ci illərdən davam edən sülh prosesini əngəlləyib.
Bu adaları Rusiya Cənubi Kuril, Yaponiya isə Şimal Əraziləri adlandırır.
Rusiya Prezidenti Vladimir Putin yanvarda deyib ki, Moskvanın Tokio ilə sülh sazişi bağlamasından ötrü “ağrılı iş” görülməlidir. O, təklif olunan həll variantını ictimaiyyətin “dəstəkləməli” olduğunu deyib.
Putin bunları Kremldə Baş nazir Shinzo Abe ilə danışıqlardan sonra dilə gətirib.