“Azərbaycanın xüsusilə mühüm obyektləri Ermənistan silahlı qüvvələrinin nişangahındadır və Dağlıq Qarabağın “müdafiə ordusu” istənilən an düşmənin iqtisadiyyatını iflic edə bilər”.
AzadlıqRadiosu Erməni xidmətinin Azatutyun saytının yazdığına görə bu sözləri iyulun 24-də Dağlıq Qarabağ separatçı rəhbərliyinin “müdafiə naziri” Levon Mnatsakanyan deyib:
“Mingəçevirin son vaxtlardakı iflic vəziyyəti…Əlbəttə, ümumən bu bizim taktiki planlarımıza daxildir. Bir qayda olaraq hərb elmi döyüş əməliyyatlarının bərpa olunduğu təqdirdə belə obyektlərə, eləcə də hərbi obyektlərə zərbə endirilməsini tələb edir…elə obyektlərə ki, iqtisadiyyata ziyan vuracaq və düşmən qüvvələrinin lazımi vasitələrlə təchizatına imkan verməyəcək. Əgər belə bir ehtiyac yaransa (mən hələ bunu görmürəm) biz birmənalı şəkildə qərar qəbul edəcəyik və zərbə qərarında bir an da tərəddüd etməyəcəyik”.
Xankəndində Ermənistanın onlarca kütləvi-informasiya vasitəsi üçün mətbuat konfransı keçirən Levon Mnatsakanyan bunu da deyib ki, Dağlıq Qarabağ Azərbaycanın yeni silahlar almasını diqqətlə izləyir.
Onun sözlərinə görə bu yaxınlarda Azərbaycanın Belarusdan aldığı Polonez yaylım atəşi sistemi və Çexiya istehsallı texnika erməni qüvvələr tərəfindən “asanlıqla” neytrallaşdırıla bilər.
Mnatsakanyan deyib ki, son bir il ərzində Dağlıq Qarabağda da silahların və texnikanın yeniləşdirilməsi aparılıb. Onun sözlərinə görə avtopark, artilleriya gücləndirilib, təmas xəttində isə videmüşahidənin aparılması üçün termoviziya qurğuları yerləşdirilib:
“Azərbaycanın əldə etdiyi bütün əməliyyat-taktiki raketləri, Dana sistemini çıxmaq şərtilə 300 kilometrlik vuruş məsafəsinə malikdir. Bizim də silahlı qüvvələrimizin belə texnikası var. Bu texnikanın imkanları Azərbaycanın son vaxtlar aldığı silahların imkanları qədərdir. Biz təkcə belə imkanlara yox, həm də atəşi yönləndirmək və korrektə etmək imkanlarına malikik”.
Pashinian-ın oğlunun xidmət etdiyi hissə məxfi saxlanır
Mnatsakanyan bunu da bildirib ki, “Qarabağ-Azərbaycan” təmas xəttinin qalan yerlərində düşmənin əhəmiyyətli qüvvə cəmləşdirməsi müşahidə olunmur, atəşin sayı azalıb”.
Jurnalistin baş nazirin və müdafiə nazirinin bu yaxınlarda Dağlıq Qarabağda könüllü hərbi xidmətə yollanmış oğulları barədə sualına Mnatsakanyan belə cavab verib:
“Təhlükəsizlik mülahizələri ilə onların xidmət etdikləri hərbi hissələr məxfi saxlanır”.
Lakin bununla yanaşı o əlavə edib ki, onlar da başqa əsgərlər kimi xidmət edirlər və ön xətdə xidmət çəkəcəklər.
Mnatsakanyan yüksək vəzifəli məmur uşaqlarının hərbi xidmət çəkməsi faktını yüksək qiymətləndirdiyini deyib.
Onun sözlərinə görə “Ermənistandan fərqli olaraq Qarabağda məmur övladları ordu xidmətindən yayınmırlar”.