AzadlıqRadiosunun müxbiri Carl Schreck yazır ki, Rusiya və Qərb arasında gərgin münasibətlər fevralın 16-18-də keçiriləcək Münhen Təhlükəsizlik Konfransının bir daha əsas mövzusu olacaq.
Əslində hər il keçirilən bu konfransın builki gündəliyi daha “zəngindir”: Ukrayna və Suriyada davam edən münaqişələr, İran-Səudiyyə qarşıdurması, Şimali Koreyanın nüvə proqramının yaratdığı böhran.
Konfransın sədri Wolfgang Ischinger deyib ki, “bu il dünya, əhəmiyyətli münaqişənin kandarındadır”.
Ischinger bildirib ki, Vaşinqtonla Pxenyan arasındakı gərginliyin eskalasiyası, NATO-Rusiya münasibətlərinin pisləşməsi kütləvi qırğın silahlarının yayılmamasına dair sazişlərə, habelə bütövlükdə beynəlxalq nizamın “bir sıra əsas prinsiplərinə” təhlükə təşkil edir.
Konfransın təşkilatçıları bildirirlər ki, bu dəfə gündəlikdə əsas yeri Avropa İttifaqının dünya proseslərində oynadığı rol, habelə onun Moskva və Vaşinqtonla münasibətləri tutacaq. Rusiya və ABŞ bu konfransda liderləri ilə təmsil olunmayacaqlar.
2007-ci ilin konfransında özünün ABŞ-a qarşı sərt çıxışı ilə yadda qalmış Vladimir Putin budəfəki tədbirə xarici işlər naziri Sergey Lavrovu göndərib.
Vaşinqtonu isə bu konfransda müdafiə naziri Jim Mattis, milli təhlükəsizlik müşaviri HR McMaster və MKİ-nin direktoru Mike Pompeo təmsil edəcəklər.
Ukrayna məsələsi
Ukraynada Rusiya tərəfindən dəstəklənən separtaçılarla Kiyev qüvvələri arasında davam edən müharibənin bu konfransda geniş debatlara səbəb olacağı gözlənilir.
Həm Vaşinqtonun, həm də Moskvanın Ukrayna münaqişəsi üzrə elçiləri Kurt Volker və Vladislav Surkov uzun danışıqların ardınca bəzi nikbin bəyanatlar veriblər.
Buna baxmayaraq Volker Surkova Rusiyanın bu münaqişəyə son qoyulması üçün heç bir səy göstərmədiyini deyib.
NATO-nun keçmiş baş katibi Anders Fogh Rasmussen hazırda Ukrayna prezidenti Petro Poroşenkonun müşaviridir və belə görünür ki, o Münhendə şərqi Ukraynaya 20 min əsgərlik sülhyaradıcı qüvvə göndərilməsinə çağıracaq.
Fevralın 16-da Münhen konfransında çıxış etməli olan Poroşenko bir gün əvvəl Putinlə telefon söhbətində olub. O fevralın 15-də müxbirlərə deyib ki, Putinlə sülhməramlılar məsələsini müzakirə edib.
Ischinger ötən həftə demişdi ki, Ukrayna münaqişəsinə dair Almaniya, Fransa, Rusiya və Ukraynanın iştiraiklə Normand formatında danışıqlar Münhen konfransı günlərində davam etditiləcək.
Moskvada mənzilənmiş təhlilçi Vladimir Frolov deyib ki, Lavrov fevralın 17-ə təyin edilmiş çıxışında çətin nəsə yeni bir şey təklif etsin.
Frolov AzadlıqRadiosuna deyib ki, Surkov və Volker Dubay danışıqlarında xeyli irəliləyiş əldə edə biliblər.
Rusiyanın partnyorluq arzusu
Münhen konfransında Lavrov Moskva ilə Vaşinqton arasında maraqların üst-üstə düşdüyü sahələrində əməkdaşlığın mühümlüyünü qeyd edə bilər.
Vaşinqtonda mənzillənmiş Brookings İnstitutunda Birləşmiş Ştatlar və Avropa Mərkəzinin direktoru Thomas Wright AzadlıqRadiosuna deyib ki, Moskva Vaşinqtonla daha yaxşı münasibətlərdən ümidini kəsməyib.
Lakin Moskvanın Trump-a olan ümidləri bu dəfə də doğrulmaya bilər, çünki ABŞ siyasəti hazırda fikir ixtilafı yaşayır.
Buna baxmayaraq, Trump yanvar ayında Rusiyaya qarşı nəzərdə tutulmuş sanksiyaları tətbiq etməyib.
Konfrans ərəfəsində Rusiya habelə Suriyada Rusiya vətəndaşlarının ABŞ koalisiyasının zərbələri altında həlak olduğunu ehtiyatla və qismən təsdiq edib.
McMaster bu konfransda fevralın 17-də Lavrovdan dərhal sonra çıxış edəcək.
Bu konfransda habelə Britaniyanın baş naziri Theresa May-in, Avropa Komissiyasının prezidenti Jean-Claude Juncker-in, Fransa baş naziri Edouard Philippe-in, İsrail baş naziri Benjamin Netanyahunun, İranın xarici işlər naziri Mohammad Javad Zarif-in və Türkiyə baş naziri Binali Yıldırımın nitq edəcəkləri gözlənilir.