AzadlıqRadiosunun müxbiri Frud Bezhan yazır ki, İran hakimiyyəti antihökumət etirazlarını boğmaq məqsədilə sosial media və mesajlaşma aplikasiyalarını bloklayıb.
Amma ən maraqlısı budur ki, hökumət etirazlarla mübarizədə özünün blokladığı platformalardan istifadə edir.
Məsələn İslam Respublikasının dövlət televiziyası IRIB hakimiyyətin Telegram aplikasiyasını bloklamasını tərifləmək üçün elə həmin Telegram platformasından faydalanıb.
İran hakimiyyəti Telegram aplikasiyasını dekabrın 28-də etirazlar başlanan kimi bağlayıb. Etirazçılar videolarını paylaşmaq və nümayişləri əlaqələndirmək üçün Telegram-dan istifadə edirdilər.
Amma indi IRIB iranlıların sosial medianın bloklanmasından razılıq etdiyini göstərən süjetləri efirə verib. Bu süjetlər sonradan Telegram-da da postlanıb.
İki dəqiqəlik videoda iranlılar küçələrdə müsahibə verirlər. Bir kişi deyir ki, Telegram-ın bloklanması ona nəhayət öz ailəsini görmək imkanı verib, başqa birisi isə bildirir ki, bu aplikasiyadan istifadə yalnız “başağrısı” verirdi.
Twitter kimi sosial şəbəkələri İranda güclü şəkildə filtr edir və onları Qərb casuslarının aləti sayırlar.
Lakin son günlər sosial media istifadəçiləri dövlət televiziyasının antihökumət etirazları barədə xəbərləri saxtalaşdırdığını ifşa edən materialları paylaşırlar.
#banIRIB heşteqli postlarda əsasən İranın xaricindəki istifadəçilər Birləşmiş Ştatları IRIB üzərinə sanksiyalar qoymağa çağırırlar. Bunların arasında İranın 1979-cu ildə devrilmiş şahının oğlu Reza Pəhləvi də var.
Twitter-də paylaşılan bəzi materiallar 2009-cu ilin etirazlarından qalıb. Fotolardan birində dövlət telekanalına müsahibə verən qadın televiziya işçisinin əlindəki mətni oxuyur.
Fotoda əvvəlcədən hazırlanmış mətn də görünür: “Bu adamlar iğtişaşçıdırlar, onları həbs edib cəzalandırmaq lazımdır. IRIB-ə ifadə azadlığı və demokratiya üçün təşəkkürümüzü bildiririk”.
Başqa istifadəçilər də buna bənzər fotoları paylaşıblar.
Hökumətin sosial mediada paylaşdığı fotolardan bəzilərinin son iqtidaryönlü nümayişlərdən çəkildiyi iddia olunur, lakin diqqətlə baxdıqda görünür ki, bu şəkillər aylarla bundan əvvəl çəkilib.
Əhalisi 80 milyon olan İranda 47 milyon insanın mobil telefonlardan internetə girişi var. Bunlardan 40 milyonu, çox vaxtda antifiltr proqramlarının köməyi ilə Telegram-dan istifadə edir.
İranın telekommunikasiyalar naziri Azari Jahromi bu həftə deyib ki, Telegram-ın üzərindən blok bu platforma “terrorçu” materialları sildikdən sonra qaldırılacaq. O əlavə edib ki, blokun açılması üçün ölkədə tam sakitlik şəraiti yaranmalıdır.