Roman Qriqorçuk “Neftçi”yə baş məşqçi təyin edilib. Mütəxəssis daha əvvəl Azərbaycanda “Qəbələ”də işləmiş, komanda ilə iki dəfə avrokuboklara vəsiqə qazanmışdı. İndi isə “Neftçi”yə təyinatı “ağ-qaralar”dan gözləntiləri artırıb.
Keçmiş “Bakı” klubunun icraçı direktoru Yaşar Seyidov “FutbolPress“ə açıqlamasında Qriqorçukun təyinatı haqda fikirlərini bölüşdü:
“Romanın baş məşqçi təyin edilməsinə müsbət yanaşıram. Təcrübəli məşqçidir, Azərbaycanda işləyib və “Qəbələ” ilə müəyyən uğurlar qazanıb. Amma nəzərə alaq ki, onu qarşıda “Qarabağ” kimi komanda gözləyir. İnanmıram ki, “Neftçi”də “Qarabağ”ı üstələyə biləcək komanda yarada bilsin. Vaxtilə “Qəbələ”də yaxşı şərait qurulmuş, istədiyi büdcə ayrılmışdı. Amma çempion ola bilmədi. Bu baxımdan düşünürəm ki, “Neftçi” yenə iki və ya üçüncü yer uğrunda mübarizə aparacaq. Bəlkə də, yanılıram. Amma müşahidələrim göstərir ki, “Qarabağ”la rəqabət aparacaq komanda yarada bilməyəcəklər. Bir şeyi nəzərə alaq ki, Azərbaycan futbolunun inkişafı “Neftçi”dən keçir. Komanda nə qədər güclü olsa, inkişaf da olacaq. Ancaq indi bu, görünmür. Ümumilikdə, Qriqorçukun komandası çempionata rəng qatacaq”.
Hazırda “Dinamo”nun İdarə Heyətinin rəhbəri olan Seyidov “Turan Tovuz”a baş məşqçi təyin edilən Kurban Berdıyevdən də gözləntilərini söylədi:
“Berdıyevin də gəlişi yaxşı haldır. Klub futbolunun inkişafı üçün müsbət addımdır. Amma nəzərə almaq lazımdır ki, qarşıya Konfrans Liqasına vəsiqə məqsədi qoyurlar, amma indiki məqamda görülən işlər onu demir. Transferlər ürəkaçan deyil. Onların da 5-6 yerlər üçün mübarizə aparacaqlarını düşünürəm. Transferlərə diqqət edəndə görürsən ki, yaxşı Premyer Liqa, avrokubok təcrübəsi olan biri yoxdur. Daha güclü transferlər olsa, “Qarabağ”, “Zirə”, “Sabah”, “Neftçi”dən güclü transferlər etsələr, çempionatda avrokuboklar uğrunda yarışa bilərlər. Sözsüz, Berdıyev təcrübəli biridir. Amma sərəncamında avrokubokda oynayacaq təcrübəsi olan biri yoxdursa, çətin olacaq. Eyni zamanda klubun büdcəsi də digər rəqiblərə yaxın olmalıdır. Bunlar olarsa, “Turan Tovuz” nəsə edə bilər. İndiki məqamda isə vəziyyət belə deyil. Görünür ki, 5-6-cı sıralar üçün oynayacaqlar”.
Yaşar Seyidov hər iki məşqçinin Azərbaycana gəlişinin futbolumuz üçün müsbət məqam olduğunu qeyd etdi:
“Ümumilikdə, təcrübəli məşqçilərin gəlişi ölkə futbolu üçün müsbətdir. Yeni transferlər də olacaq. Amma çempionatda “Qarabağ”a, “Sabah”a və “Zirə”yə rəqib olacaq komanda formalaşdırmaqları çətin olacaq”.
Şahin Cəfərov