Azərbaycan millisinin sabiq futbolçusu Yunis Hüseynov baş məşqçi kimi sonuncu dəfə “Keşlə”yə (indiki “Şamaxı”) rəhbərlik edib.
Mütəxəssis 2020-ci ilin avqustundan 2021-ci ilin yanvarına qədər komandanı çalışdırıb. Bakı təmsilçisi onun başçılığı altında 14 oyunda 3 qələbə qazanıb, 7 dəfə məğlub olub.
Hüseynov məşqçi karyerasında “Karvan”, “Xəzər Lənkəran”, “Kəpəz” və “Keşlə”də işləyib. Mütəxəssis artıq üç ildir, hansısa komandaya rəhbərlik etmir.
Veteran futbolçu “FutbolPress“ə açıqlamasında təkliflərinin olmadığını dedi:
“Təkliflər yoxdur. Nə zaman istəyən olsa, işləməyə hazıram. Mən bəzi məşqçilər kimi deyiləm ki, hər gün danışım, belə etdim, elə etdim, iş verin. Reklama ehtiyacım yoxdur. Nə vaxt təklif olar, işləyərik. Olmazsa, işləmərik.
Bilirsiz, Azərbaycanda yerli məşqçilərə inam yoxdur. Ona görə bir çox kadr kənardan qalır. Nə etmək olar, ancaq gün gələcək, yerlilərə də inanacaqlar. Əsas futbolumuzun inkişafıdır. Futbol böyüsün, klublarımızda yaxşı işlər görülsün, mən işləməsəm də olar”.