Azərbaycanın futbolda müxtəlif komandaları son günlərdə uğurlu çıxışları ilə diqqət çəkir. Minifutbolçular Avropa çempionatında 1/4 finala qədər irəlilədi. Elşad Quliyevin komandası yarımfinal üçün qazaxlarla dueldə penaltilər seriyasında məğlub oldu. Buna baxmayaraq, millinin nəticələrini qənaətbəxş hesab etmək olar.
Bundan üç gün əvvəl – 4 iyunda isə qadın futbolçulardan ibarət Azərbaycan yığması Avropa çempionatının seçmə mərhələsində Türkiyə üzərində əzmkar qələbə qazanıb (1:0). Həmin gün U-19 da Qazaxıstandan olan həmyaşıdlarını iki cavabsız qolla məyus edib.
İndi növbə kişi futbolçuların əsas milli komandasındadır. Baş məşqçi vəzifəsini müvəqqəti icra edən Arif Əsədovun rəhbərlik etdiyi kollektiv ilk sınağını bu gün Albaniyaya qarşı keçirəcək. Macarıstanda baş tutacaq görüşə saat 21:00-da start veriləcək.
Albaniya yığması son illərdə yüksəlişdə olan kollektivlərdəndir. Komanda Avro-2024-ün əsas mərhələsində də iştirak edəcək. Azərbaycanla matç da həmin görüşləröncəsi sınaq xarakterlidir. Albaniya turnirdə İspaniya, İtaliya və Xorvatiya ilə bir “ölüm qrupu”na düşüb. Düzdür, şansları demək olar, yoxdur, ancaq futboldur və sürprizlərə daim açıq olmaq lazımdır.
Arif Əsədov Canni De Byazinin ayrılığından sonra millini martda “FIFA Series” turnirində Monqolustan və Bolqarıstanla oyunlara çıxarıb. Milli monqolları məğlub edib (1:0), bolqarlarla isə “sülh”ə razılaşıb – 1:1.
Əsədovun yığmadakı bacarığı qarşıdakı iki oyunlarda müəyyən qədər bəlli olacaq. Əvvəlcə Albaniya, sonra Qazaxıstanla oyunda əldə ediləcək müsbət nəticələr Millətlər Liqası öncəsi komandada atmosferi qaldıra bilər. Bunun üçün potensial da var. Əsədov da öz növbəsində millidə “yerli məşqçi ilə də uğur qazanmaq olar” ifadəsini əyani göstərmiş olacaq. Mütəxəssis dünən baş tutan mətbuat konfransında da bunu arzuladığını gizlətmədi. İstək var, qalır nəticə.
Şahin Cəfərov