Ermənistanda növbədənkənar parlament seçkilərinin keçirlməsinə dair razılaşma əldə olunmayıb.
AzadlıqRadiosunun Erməni xidməti – Azatutyun yazır ki, bu barədə bəyanatı müxalif “Maariflənmiş Ermənistan” parlament fraksiyasının rəhbəri Edmon Marukyan verib.
O bundan əvvəl baş nazir Nikol Paşinyanla bir saatadək davam edən danışıqlarda olub.
Tərəflər başqa bir müxalifət partiyası “Çiçəklənən Ermənistan” fraksiyasının məsələyə münasibəti müəyyən edildikdən sonra təkrar danışıqlar aparmaq barədə razılığa gəliblər.
Razılaşmanın əldə olunmasını qəlizləşdirən Edmon Marukyanın hökumətə eyni zamanda iki şərt qoymasıdır.
Marukyan bildirir ki, hakimiyyət həm erkən seçkilərə razılaşmalı, həm də Nikol Paşinyan Ermənistan silahlı qüvvələri baş qərargah rəisi Onik Qasparyanın vəzifəsindən kənarlaşdırılmasına dair fərmanının geri götürməlidir.
Marukyanın kompromis təklifi
Nikol Paşinyanın hökuməti bu iki məsələnin bir-biri ilə bağlanmasına qarşıdır.
Marukyan deyib ki, o məhz buna görə də hökumətə kompromis təklif edib: Paşinyan Qasparyana dair fərmanını hələlik dondurur və bu məsələ növbədənkənar seçkidən sonra həll edilir.
Lakin Paşinyan məsələnin belə qoyuluşunu qətiyyətlə rədd edib.
Azatutyunun suallarına cavab verərkən Marukyan deyib ki, o danışıqların növbəti dövrəsində gündəliyin necə olacağını bilmir:
“Mən nə isə pis bir hadisənin, fəlakətin baş verməsini istəmirəm. Mən ümid edirəm ki, biz hansısa bir şəkildə çıxış yolu tapacağıq”.
Azatutyun bunu da yazır ki, Nikol Paşinyanın “Çiçəklənən Ermənsitan” partiyasının lideri Qagik Tsarukyanla da danışıqlar aparıb-aparmayacağı bilinmir.
Paşinyan bundan əvvəl həmin partiyanın parlamentdəki fraksiyasına dəvət göndərdiyini, lakin cavab almadığını bildirmişdi.