Ötən həftə Hörmüz boğazında İranın onlarla kiçik qayığının keçirdiyi təlim Birləşmiş Ştatların Tehrana iqtisadi sanksiyaları bərpa etməsinə mesaj idi.
Bunu ABŞ Mərkəzi Komandanlığının rəhbəri, general Joseph Votel avqustun 8-də Pentaqondakı reportyorlara deyib.
Komandirin sözlərinə görə, İran öz hərbi qabiliyyətini göstərmək niyyəti güdüb.
Bu arada İslam İnqilabı Keşikçiləri Korpusu boğazı bağlamaqla hədələyir.
“Tamamilə aydındır ki, həmin təlim vasitəsilə bizə sanksiyalar öncəsi mesaj göndərməyə, bacarıqlarını göstərməyə çalışırdılar”, – Votel deyib.
“Nə baş verdiyini bilirik və özümüzü qorumağa hazırıq”, – o, Mərkəzi Komandanlığın İrana mesajının belə olduğunu vurğulayıb.
Votel İranın regiondakı digər ölkələrdə, Suriyada, İraqda və Yəməndə “sabitsizlik yaratmaq cəhdləri”ni pisləyib.
İranın kiçik qayıqları Hormuz boğazında daim fəaliyyət göstərir. Ordu bu yaxınlarda daim səsləndirilən hədəni bir daha dilə gətirib – ABŞ-ın sanksiyaları İrandan neft ixracını dayandırsa, yaxın Şərqdən ixraca da təhlükə yaranar.