İyulun 5-də polisin Bakının mərkəzində yerləşən “Fairmont Baku” otelində karantin qaydalarını pozanların saxlanılması haqda məlumat yayılıb. Yerli mətbuat saxlanılanların sayının 10-dan çox olduğunu bildirir. Daxili İşlər Nazirliyindən bununla bağlı geniş məlumat veriləcəyi deyilir.
Oteldə dincələnlərin karantin qaydalarını pozması ilə bağlı foto və video görüntülər bazar günü sosial mediada və KİV-lərdə yayılıb. Həmçinin istirahət edənlər özləri də otelin sosial şəbəkədəki səhifələrində bu haqda məlumat yerləşdiriblər.
Görüntülər sosial mediada narazılıqla qarşılanıb. Onlar hüquq-mühafizə orqanlarının bölgələrdə istirahət edənləri, ad günü, nişan və yas mərasimləri keçirənləri cərimə etdiyini, sıraya düzərək şəkillərini çəkdiyi halda oteldə karantin qaydalarını pozanlarla bağlı addım atılmamasını tənqid ediblər.