Nəhayət ki, Leroy Sane istədiyinə çatdı. ONBİR Goal.com`a istinadən məlumat verir ki, Bayern Munich 24 yaşlı alman oyunçunu Manchester City`yə 49 milyon avro ödəyərək heyətinə qatdı.
Sane`nin Bayern`ə transferi keçən yay transfer pəncərəsindən bəri gündəmdə idi. Amma futbolçunun ağır zədələnməsi və bir neçə ay meydanlardan uzaq qalması bu transferin gerçəkləşməsinə mane olmuşdu, amma Sane`nin Manchester City`dən ayrılmaq istəyi dəyişməmişdi.
City`də istədiyi qədər oynamayan Sane, nəhayət, İngiltərədən ayrılaraq vətəninin yolunu tutdu. 24 yaşlı alman vinqer Bayern Munich ilə 2025`ci ilin yayına qədər müqavilə imzalayıb. Alman oyunçu yeni klubunda 10 nömrəli formanı geyəcək. Bu mövsüm Premier League`də 1 oyun forma geyən Leroy Sane “Şəhərlilər”in heyətində bütün turnirlər daxil olmaqla toplam 135 görüşdə iştirak edib, 39 qol və 45 məhsuldar ötürmə ilə yadda qalıb.